SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Ermənistan arasında gərginlik kimin maraqlarına xidmət edir?

Millət vəkili Fazil Mustafa isə bildirib ki, sülh müqaviləsi imzalanana qədər bu cür təxribatların olacağı gözlənilən idi.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Bir müddətdir ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Gərginliyin sonuncu həddi iyunun 15-də Laçın sərhəd buraxılış məntəqəsində baş verdi. Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən təxribatdan sonra Azərbaycan tərəfi Laçın yolu ilə Ermənistandan Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərə keçidi dayandırdı. Rəsmi Bakı tələb edir ki, Ermənistan tərəfi törətdiyi təxribatı etiraf etsin və məsuliyyəti üzərinə götürsün.
Görünən odur ki, sülh danışıqlarının intensivləşdiyi son zamanlarda iki ölkə arasında gərginlik yenidən alovlanır. Bu gərginliyin kimin üçün sərfəli olması sualı isə çox düşündürücüdür.
Sputnik Azərbaycan son hadisələrlə bağlı politoloq Tofiq Abbasov və millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.
Politoloq Tofiq Abbasov bildirib ki, sülhün Ermənistanı niyə qorxuya saldığını bilmirik: "Təbii ki, o da bizim üçün aydındır ki, Ermənistan tərəfi kənar qüvvələr tərəfindən sülh prosesini pozmağa təhrik edilir. Fakt budur ki, Ermənistan məğlub dövlətdir, 44 günlük Vətən müharibəsində hərbi potensialı Azərbaycan ordusu tərəfindən darmadağın edilib. Bu ölkənin müharibə aparmağa gücü yoxdur. Ermənistan bu təxribatlardan hər hansı nəticə əldə edə bilməz".
T.Abbasov qeyd edib ki, bu vəziyyətdə Ermənistan xarici qüvvələrin sifarişlərini yerinə yetirir: "Bunlar həmin qüvvələrdir ki, regional sabitlik, sülh onların geosiyasi maraqlarına uyğun gəlmir. Onlar münaqişələrin davam etməsi üçün bölgədəki alətlərindən istifadə edirlər. Burada Ermənistan alət kimi istifadə olunur. Ermənistan da gözəl başa düşür ki, onun Azərbaycanla hərbi toqquşmada heç bir şansı yoxdur. Amma biz onu da bilirik ki, Ermənistan dövləti mərkəzləşmiş deyil. Onun daxilindəki qruplar hərəsi bir ölkənin maraqlarına xidmət edir. Bölgədə əldə olunacaq sülh həm Azərbaycana, həm Ermənistana, həm də bölgənin digər dövlətlərinə lazımdır. Sülh elə Rusiyanın özünə lazımdır. Fransa Ermənistanın tələbatını qarşılamaq üçün Hindistana zirehli texnika sifarişi verir, həm də vasitəçilik etmək istədiyini bildirir. Axı burada məntiq yoxdur, belə sülh vasitəçiliyi olmur. Amma münaqişə vəziyyətinin qalıcılığını təmin etməyin gələcəyi yoxdur".
"Əgər dəhlizlərin işləkliyi kiməsə lazım deyilsə, onlar rəqiblərini tərk-silah etməyə çalışırlar. Burada rəqib deyərkən kommunikasiyaların açılacağı təqdirdə böyük yük daşımalarını reallaşdıracaq tərəflərdən gedir. Hesab edirəm ki, Azərbaycan öz konstruktiv mövqeyindən geri çəkilməyəcək. Əgər Ermənistan tərəfi nizamlanma prosesinə sadiqlik nümayiş etdirməsə, təxribatlardan əl çəkməsə, itirən tərəf olacaq", - politoloq fikirlərini yekunlaşdırıb.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, sülh müqaviləsi imzalanana qədər bu cür təxribatların olacağı gözlənilən idi:
"Bunun birbaşa Ermənistandan qaynaqlandığını da söyləmək olmaz. Çünki bölgədə maraqları olan bəlli dairələr var və onlar Ermənistan vasitəsilə istəklərinə nail olmağa çalışırlar. Ona görə də məsuliyyəti tək Ermənistan deyil, həm də ayrı-ayrı ölkələr və beynəlxalq birliyin müxtəlif üzvləri daşıyır. Burada Avropa Birliyinin, İranın maraqları olduğunu bilirik. Bölgənin qarışması üçün onlar əllərindən gələni edirlər. Azərbaycan isə mövqeyində qətiyyətlidir. Lazım gələrsə, Laçın yolunu da müvəqqəti olaraq bağlı saxlamaq, təxribatların törədildiyi atəş nöqtələrini susdurmaq lazımdır. Ona görə də bu məsələdə hər hansı tərəddüdümüz ola bilməz. Suverenliyimizə qarşı yönəlmiş hər bir təxribata sərt cavab yerindəcə verilməlidir. Ona görə də hər kəs anlamalıdır ki, mövcud vəziyyət Azərbaycan üçün narahatlıq yaratmır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.