BAKI, 16 iyun — Sputnik. Dünya əmtəə qiymətlərinin kəskin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, Azərbaycanın ticarət tərəfdaşı olan bəzi ölkələrdə inflyasiya templərinin artması və iqtisadi vəziyyətin pisləşməsi əsas risk amilləri olsa da, yaranmış şərait eyni zamanda Azərbaycan üçün geniş imkanlar açıb.
Bunu Qlobal İqtisadi Perspektivlər (GEP) hesabatının təqdimat mərasimində çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi bir səhifə açır. Ölkənin beynəlxalq əhəmiyyətli nəqliyyat və tranzit-logistika qovşağına çevrilməsi proseslərinin sürətlənməsi, bu səbəbdən Azərbaycana strateji investorların marağının əhəmiyyətli artması (o cümlədən işğaldan azad olunmuş ərazilərə) və nəticədə milli iqtisadiyyatın daha sürətli şaxələnməsi imkanlarını yaradır.
"Dünya enerji daşıyıcıları bazarında yüksək qiymətlər səbəbindən böyük məbləğdə gəlirlərin əldə olunması və bu gəlirlər hesabına ölkənin sosial-iqtisadi inkişafı sahəsində duran strateji prioritetlərin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşməsi üçün əlavə imkanların yaranması kimi amilləri də qeyd etmək lazımdır", - Sahib Məmmədov əlavə edib.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.