HƏRBİ

Ermənilərin sərhəddə yaraladığı hərbçinin son durumu açıqlanıb

Həkimlər bildiriblər ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
Sputnik
BAKI, 16 iyun — Sputnik. İyunun 16-da Dövlət Sərhəd Xidməti (DSX) rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
"Hərbi qulluqçu DSX-nin rəhbəliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib", - məlumatda qeyd olunub (Report).
Xatırladaq ki, ötən gecə Gədəbəy və Şuşada mövqelərimiz atəşə tutulub.
Belə ki, iyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.