CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

Sürücüsülərə nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq iş və istirahət rejimini nəzarətdə saxlamaq tövsiyə olunur.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən daxil olan müraciətdə deyilir:
"Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin nəzərəçarpacaq dərəcədə canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub. Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır".
"Qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yük daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə məhsulun daşınması zamanı nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün iş və istirahət rejimini nəzarətdə saxlamaq, habelə sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur", - deyə müraciətdə bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.