Çimərlik mövsümü başladı - Bu çimərliklərdə çimmək sağlamlığınız üçün ciddi təhlükədir!
Ziyəddin Kazımov bildirib ki, bakterioloji çirklənmə olan çimərliklərdə çimmək kəskin mədə-bağırsaq xəstəliklərinə yol aça bilər.
SputnikBAKI, 16 iyun — Sputnik. İyunun 15-dən etibarən Azərbaycanda çimərlik mövsümü başlayır. Artıq 2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə monitorinqlər keçirilib.
Çimərliklərdə dəniz suyunun monitorinq nəticələri açıqlanıb və bəzi çimərliklərin tələblərə cavab vermədiyi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Bu çimərliklərdə çimmək qadağandır!
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Aparılmış monitorinqlər zamanı həmin ərazilərdən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığını nəzərə alaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağın Sahil, Suraxanının Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Buna baxmayaraq insanların adıçəkilən çimərlikdə çimməsi müşahidə olunur. Səbail rayonu ərazisində yerləşən Şıx çimərliklərindən bakterioloji çirklənməyə baxmayaraq əhali çimərliklərdən bu gün də istifadə edir. Sputnik Azərbaycan istifadəsi qadağan edilmiş çimərliklərdə çimməyin təhlükəsini, eləcə də bu ərazidə dəniz suyunun çirklənməsinin səbəblərini araşdırıb.
Bakterioloji çirklənmə aşkarlanan çimərliklərdə çimmək hansı təhlükə yarada bilər?
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bakterioloji çirklənmə olan çimərliklərdə çimmək kəskin mədə-bağırsaq xəstəliklərinə yol aça bilər. Onun sözlərinə görə, orqanizmin böyük, yaxud kiçik olmasından asılı olmayaraq, bakterioloji çirklənmə aşkarlanan çimərliklərdə çimmək eyni təhlükə yarada bilər.
"Bakı Şəhər İcra Hakimiyyətinin bu sahədə müvafiq sərəncamı var. Paytaxtın 6 rayonunun inzibati ərazisində çimərliklər fəaliyyət göstərir. Həmin ərazilərin hər biri monitorinqlə əhatə olunub. Dəniz suyunda bakterioloji çirklənmə göstəriciləri mövcud normativlərin tələblərinə cavab verməyən çimərliklərin adları əhaliyə ona görə açıqlanıb ki, insanlar bu çimərliklərdə çimməsinlər".
Həmsöhbətimiz bildirib ki, bağırsaq çöplərinin çox olmasının səbəbi tullantı sularının təmizlənmədən dənizə axıdılmasıdır. Onun sözlərinə görə, həmin ərazidəki yaşayış məntəqələri və dəniz kənarında fəaliyyət göstərən iaşə obyektləri tullantıları dənizə axıdılır.
Şöbə müdiri çimərlik mövsümündə hər 15 gündən bir belə monitorinqlərin aparılacağını söyləyib.
Hazırda çimərliklərdə dəniz suyunun laboratoriya müayinə üsullarının tətbiqi ilə nəzarət tədbirləri davam etdirilir. Monitorinq nəticələri ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bakterioloji çirklənmə səviyyəsi yüksək olan çimərliklərdə çimmək insan səhhətində ciddi problem yarada bilər. Onun sözlərinə görə, xüsusilə isti yay aylarında bakteriyalar sürətlə yayılır.
"Dəniz suyunun hikməti ondadır ki, duzlu olduğundan, bakteriyalar sürətlə inkişaf edə bilmir. Bununla belə çirklənmə olduğundan, dənizə nəcis kütləsi axıdıldığından, mədə-bağırsaq infeksiyaları, dezenteriya arta bilər. Çünki, dənizdə çimdikdə su kütləsi istər-istəməz ağız, burun vasitəsilə mədə-bağırsağa düşə bilər", - deyə İ.Əhmədov bildirib.
Həkim bildirib ki, belə ərazilərdə qumluq sahədə dincəlmək də təhlükəlidir. Çünki, bakteriyalar qumla inteqrasiya edərək insanlarda dezinteriyaya səbəb ola bilər:
"Dənizi dezinfeksiya etmək mümkün deyil. Ona görə də, insanlar bu xəbərdarlığa səhlənkar yanaşmamalıdırlar. Bəzi insanlar deyə bilər ki, "ötən mövsüm gedib çimdim, heç bir təhlükə olmadı". Bu, düzgün yanaşma deyil. Adları açıqlanan çimərliklərdə insan sağlamlığı üçün ciddi təhlükə var. Xüsusilə uşaqlar həmin sudan içə bilərlər. Ona görə də, çirkablar mərkəzləşmiş formada toplanaraq, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır".
İaşə obyektləri çirkab suları dənizə axıdır
O ki, qaldı adları çəkilən çimərliklərdə bakterioloji çirklənmənin yaranma səbəblərinə, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi ərazilərdə Xəzər dənizin çirklənməsinin qarşısını almaq üçün kollektorlar olmasa da, Bayıldan Lökbatana qədər kollektor inşa edilib.
A.Cəbrayıllıının sözlərinə görə, bu kollektor Bayıl, Bibiheybət və Şıxovun tullantı sularını toplayaraq kənarlaşdırır. O, Şıx çimərliyinə əsasən çirkab suların dənizkənarı istirahət mərkəzləri, iaşə obyektləri tərəfindən atıldığını söyləyib.
"Həmin obyektlər çirkab sular üçün kiçik su təmizləyici kollektorlar inşa etməlidir. Onlara nəzarət "Azərsu" tərəfindən aparılmır", - deyə A.Cəbrayıllı bildirib.
Qurum sözçüsü bildirib ki, dənizkənarında fəaliyyət göstərən iaşə obyektlərinin Xəzərə çirkab su axıtmasına nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparır. Restoranlarda formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasına görə həmin obyektləri cərimələmək də həmin qurumun səlahiyyətindədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirdilər ki, dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərində mütəmadi monitorinqlər keçirilir. Xəzərin sahilində fəaliyyət göstərən, dənizə tullantı axıdan obyektlər barəsində qanunamüvafiq tədbirlər görülür.
A.Cəbrayıllının sözlərinə görə, hələ ki, Qaradağ rayonunun Sahil qəsəbəsində, Lökbatan yaxınlığında, habelə Xəzər rayonunun Türkan hissəsində yeni qurğuların inşası nəzərdə tutulur.
Qurum sözçüsü Suraxanının Hövsan hissəsində də su təmizləyici qurğuların yenidən qurulmasının planlaşdırıldığını söyləyib.
A.Cəbrayıllı Yalama, Nabran, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinə yaxın ərazilərində də hələ ki, kollektorların olmadığını bildirib:
"Pirşağı tullantı su təmizləyici qurğu artıq inşa olunub, paralel olaraq daha bir kollektorun tikintisi də nəzərdə tutulur. Hazırda paralel olaraq bir kollektorun da tikintisi həyata keçirilir. Orada bir neçə kollektorun tikintisi planlaşdırılır ki, bu da Bakıətrafı 11 qəsəbənin - Maştağadan başlayaraq Novxanıya qədər, Məhəmmədi, Digah, Zabrat qəsəbələrində formalaşan tullantı sularını toplayaraq təmizləyici qurğuya yönəldəcək. Bizim plana əsasən Ələtdə, Səngəçalda, Türkanda yeni qurğuların inşası nəzərdə tutulur. Həmçinin Sahil qəsəbəsində, Lökbatan yaxınlığında da qurğunun tikintisi nəzərdə tutulur. Bunlarla yanaşı Sahil,Hövsan, Şüvəlan və Sumqayıt su təmizləyici qurğuların yenidən qurulması planlaşdıırlır. Bu layihələr Xəzərin ekoloji vəziyyətinin stabilləşməsinə müsbət təsir göstərəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.