BAKI, 16 iyun - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik sonuncu oxunuşda müzakirə edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi 2023-cü ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və ortamüddətli makroiqtisadi və fiskal dayanıqlığa zərər gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi hədəfləri gözlənilməklə tərtib olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Komitə sədri nəzərə çatdırıb ki, sənəddə 2023-cü ildə dövlət büdcə gəlirlərinin 3 milyard 5,5 milyon manat artırılaraq, 33 milyard 779,5 milyon manata, xərclərinin isə 3 milyard 215,5 milyon manat artırılaraq, 36 milyard 568,5 milyon manata, kəsirin isə 210 milyon manat genişləndirilərək, 2 milyard 789,3 milyon manata çatdırılması təklif olunub. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbətinin 25,4 faiz olması proqnozlaşdırılıb.
O, artırılan gəlirlərin 52 faizinin qeyri-neft, 48 faizinin isə neft gəlirləri hesabına formalaşacağını qeyd edib.
Bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə yığılan vergilərin 1 milyard 530 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 924,7 milyon manat artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 457,7 milyon manat artırılması təklif edilir. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan yerdəyişmələrin həcmi 1 milyard 122,9 milyon manat təşkil edəcək.
Tahir Mirkişili öz çıxışında dövlət büdcəsində aparılan yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərinin yönəlməsi nəzərdə tutulan istiqamətlər barədə məlumat verib. O, diqqətə çatdırıb ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 260 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması sahəsində tədbirlərin maliyyələşməsinə 1 milyard 105 milyon manat vəsaitin yönəlməsi planlaşdırılır.
Qeyd olunub ki, bununla yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur. Belə ki, ölkəmizin həmtəsisçisi olduğu Beynəlxalq İnvestisiya və İnkişaf Fondlarının Nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi, ölkəni yeni “Azərsky2” peykinin orbitə çıxarılması ilə əlaqədar “Azərkosmos” Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalının artırılması üçün 297,5 milyon manat, habelə beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139 milyon 600 min manat, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi üçün 100 milyon manat, dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması və digər zəruri tədbirlərin maliyyə təminatı üçün 102 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər üçün əlavə 177 milyon 500 min manat, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 79 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Komitə sədri bildirib ki, 2023-cü ildə Ümumi Daxili Məhsulun nominal həcminin 111,5 milyard manat, ÜDM-in real artım tempinin 1,8 faiz, orta illik inflyasiyanın 10,4 faiz, xam neftin 1 barelinin orta illik qiymətinin 60 ABŞ dolları olacağı proqnozlaşdırılıb.
Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949 milyon, xərcləri isə 41 milyard 214 milyon manat proqnozlaşdırılır.
Qanuna dəyişiklik üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.