BAKI, 16 iyun - Sputnik. "Beynəlxalq humanitar hüquqdan danışanlar Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində törətdiyi hadisəyə münasibət bildirməlidir". Bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, beynəlxalq təşkilatlar ipə-sapa yatmayan, uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir:
“Baş verən hadisələrlə bağlı bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşür”.
"Bu gün Azərbaycan hərbçisinə, sərhədçisinə atəş açan şəxs dərhal məhv edilməlidir. Biz sərhədlərimizdən qanunsuz bir quşun belə uçmasına icazə verməməliyik", - deyə o əlavə edib.
Baş Prokurorluq: Sərhəddəki hadisə yeri Azərbaycanın suveren ərazisidir
Xatırladaq ki, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti Məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilmiş, maddi sübutlar götürülüb.
Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.
Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin olunacaq.
Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.
Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir.
Baş Prokurorluq bəyan edib ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.