BAKI, 15 iyun — Sputnik. Estetik cərrahiyyə əməliyyatları zamanı ölüm hadisələrinin baş verməsi artıq adi hala çevrilib. Demək olar ki, tez-tez mətbuatda bu tip xəbərlər yayılır. İyunun 6-da daha bir belə hadisə Bakıda fəaliyyət göstərən " Medera Hospital"da baş verib. Bu klinikada plastik əməliyyat etdirən Aygün Abbasova adlı qadının vəfat etdiyi barədə məlumat yayılıb.
Vəfat edən qadının "Medera Hospital"da qeydiyyatçı işlədiyi bildirilir. Məlumata görə, sözügedən qadın bir neçə gün öncə elə həmin klinikada çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib. Yayılan informasiyalara görə, G.Bayramlı əməliyyatdan sonra pasiyentin səhhəti ilə maraqlanmayıb, ona laqeyd münasibət göstərib.
Adı ölüm işində hallanan həkim iş başında
Sputnik Azərbaycan ölüm hadisəsində ittiham olunan plastik cərrah Günel Bayramlı ilə əlaqə saxlamağa çalışıb. Hadisə barədə məlumat almaq istədiyimizi söylədikdə xəstəxanadan həkimin hazırda işdə olmadığı bildirilsə də, növbəti dəfə pasiyent kimi müraciət etdikdə onun əməliyyat otağında olduğu deyilib. Beləcə məlum olub ki, G.Bayramlı hazırda "Medera Hospital"da işini davam etdirir.
Hospitalın hüquqşunası Xeyransa Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölüm hadisəsi iyun ayının 6-da baş verib. O, hazırda mərhumun ölüm səbəbi ilə bağlı ekspertizanın rəyini gözlədiklərini söyləyib. Bildirib ki, yalnız rəy verildikdən sonra mətbuata geniş açıqlama veriləcək.
Onun sözlərinə görə, mərhum öz qərarı ilə əməliyyat olmaq istəyib, hospitalın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirilib. Öncədən müayinələrdən keçdikdən sonra pasiyentin əməliyyat edilməsinə qərar verilib. Əməliyyat fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra xəstə evə yazılıb. Lakin o, evində kiçik yaşlı uşağın olmasını əsas gətirərək iki gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə o, evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini tromboemboliya qoyub.
Əməliyyat etdiyi pasiyentin ölümündə ittiham olunan həkimin hospitalda fəaliyyətini davam etdirməsi birmənalı qarşılanmır. Bu kimi hallar Azərbaycanda pasiyent hüquqlarının qorunmaması, kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Əməliyyat etdiyi xəstə ölərsə, həkimi hansı cəza gözləyir?
Hüquqşunas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericiliklə həkim səhlənkarlığı məsuliyyət yaradır. Amma bunun üçün gərək həkimin pasiyentə qarşı səhlənkarlıq etdiyi öz təsdiqini tapsın. Bu barədə ekspert rəyi olduqdan sonra həkimin üzərinə hüquqi məsuliyyət qoyulur.
Onun sözlərinə görə, bu zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-3.3 maddəsinin sanksiyası tətbiq oluna bilər: " 314-3.3 maddəsinin tələbinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Hüquqşünas bildirir ki, əgər həkimin səhvi nəticəsində pasiyent həyatını itirməyibsə, sağlamlığına ciddi ziyan dəyibsə, bu qanunun eyni maddəsinin digər bəndləri ona şamil oluna bilər.
"Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən mühüm zərərin vurulmasına səbəb olan səhlənkarlıq min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərə tutulub. Həmçinin bu halda Mülki Məcəllənin 1112 maddəsi də tətbiq edilə bilər. Bu maddəyə görə, Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlışdiaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir", - deyə hüquqşunas bildirib.
Pasiyentlər imzaladığı müqaviləni diqqətlə oxusunlar!
Z.Bayramova bildirib ki, pasiyentlər əməliyyatlara girməzdən öncə imzaladıqları müqaviləni oxumalıdırlar. Bu müqavilə ikitərəfli olmalıdır: "Təəssüf ki, belə müqavilə hazırlanarkən hər iki tərəfin hüquqları nəzərə alınmır. Pasiyentlə müqavilə xəstəxananın və həkimin mənafeyi qorunmaqla hazırlanır. Xəstəxananın xeyrinə hazırlanan müqaviləyə imza atan pasiyent əməliyyatda fəsadla üzləşdikdə, onun hüququnu qorumaq çətinləşir".
Qanunlar var, amma...
Millət vəkili Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istər estetik, istər də digər əməliyyatlarda risk faktoru var. Onun sözlərinə görə, özəl klinikalar lisenziya alarkən tibbi avadanlıqların olması, digər amillər yoxlanılır. Sağlamlığa zərər vurmaqla bağlı məsələ Cinayət Məcəlləsi ilə tənzimlənir. Tibb işçiləri də bu qanunla məsuliyyət daşıyırlar.
"Hər bir həyatını itirən insanla bağlı cinayət işi açılır. Əgər həkim səhvi olduğu təsdiqlənərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur. Pasiyentlərin hüquqları da bu qanunlarla qorunur", - deyə deputat bildirib.
M.Məmmədli bəzən haqsız iddiaların da olduğunu söyləyib. Onun sözlərinə görə, meyid müayinə olunub ekspertiza rəyi verildikdən sonra həkimin səhvinin olub-olmadığı barədə qərar verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.