BAKI, 15 iyun - Sputnik. Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.
“Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident BMT qətnamələrinin bəzən yerinə yetirilmədiyinə diqqət çəkərək deyib:
"Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik".
Dövlət başçısı qeyd edib ki, ona görə də ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin firavanlığı, əlbəttə, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır.
“Bütün bu məsələlərdə bizim qarşılıqlı anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub”,- deyə Prezident İlham Əliyev bildirib.