BAKI, 15 iyun - Sputnik. "Biz Pakistanın Baş naziri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Eyni zamanda, birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı müzakirələr apardıq, çünki buna ehtiyac var".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib: “Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır. Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.
Xatırladaq ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib.
Görüşdən sonra Əliyev və Şərif mətbuata bəyanatlarla çıxış ediblər.