HƏRBİ

Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub, Azərbaycan sərhədçisi yaralanıb

Təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.
***
Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.
“Caliber”in yaydığı məlumata görə, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.
Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.
Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.
Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.
***
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, iyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi bildirib ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.