BAKI, 14 iyun - Sputnik. Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Ağdamdan sonra Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində və Talış kəndində olublar. Bu barədə Azərtac xəbər yayıb.
Əvvəlcə Suqovuşan su anbarı ilə tanış olan xarici səyyahlar buradan açılan əsrarəngiz təbiət mənzərəsini seyr edib, xatirə şəkli çəkdiriblər. Səyahətçilərə Suqovuşan qəsəbəsi, su anbarının əhəmiyyəti, ərazinin turizm potensialı barədə məlumat verilib.
Sonra Talış kəndinə gələn xarici səyyahlar Azərbaycan dövləti tərəfindən burada həyata keçirilən tikinti-quruculuq işləri və 30 ildən sonra doğma torpaqlarına qayından sakinlərə yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, Qrupa "Most Traveled People" təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Çarlz Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.
Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.
Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.
Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.