BAKI, 14 iyun — Sputnik. Mərkəzi Qan Bankında və bölmələrində 2022-ci ildə 82 min 733 nəfər qan donoru olub. Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bu gün qeyd edilən Ümumdünya Qan Donoru Günü ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, 18-65 yaş arasında, minimum 50 kiloqram çəkisi olan fiziki sağlam şəxslər qan donoru ola bilərlər:
"18 yaşdan kiçik, 65 yaşına qədər heç qan verməmiş şəxslərin qanverməsi qadağandır. Bütün toplanan qanlara hepatit B, hepatit C, HIV, sifilis infeksiyalarını təyin edəcək analizlər tətbiq edilir. Eyni zamanda, həkim tərəfindən donor haqqında dolğun şəkildə anamnez toplanır. Əgər qan donorluğa uyğun olmazsa həmin şəxs qanvermədən uzaqlaşdırılır. İstifadəsi mümkün olmayan qan komponentləri sadəcə infeksiyalara görə deyil, bir sıra faktorlara bağlı olaraq yararsızlaşdırılır. Bu faiz ona görə dəyişir".
V.Hüseynov hazırda ölkədə kifayət qədər qan ehtiyatının mövcud olduğunu vurğulayıb:
"Lakin, qan daimi ehtiyacdır, qanı əvəz edəcək heç bir dərman preparatı yoxdur və onun istifadə müddəti var. Bu səbəbdən bizim daima könüllü qan donorlarına ehtiyacımız var".
Həkim donorlara öz tövsiyələrini də verib:
"Qan verdikdən sonra bol maye qəbul edilməlidir. İki saat ərzində tütün məhsulları istifadə olunmamalıdır. Həmin gün sauna, hamam, idmandan uzaq qalınmalıdır. Qan verilmiş qoldan ağır əşya qaldırmaq tövsiyə edilmir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.