BAKI, 14 iyun — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Ermənistan tərəfi guya Azərbaycanın Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşının yaralandığı barədə məlumat yayıb.
Onu da qeyd edək ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, iyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi bildirib ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.