SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın Bakı səfəri hansı mesajlarla yadda qaldı? - Şərh

Millət vəkili hesab edir ki, Ərdoğanın yeni prezidentliyi dövründə ölkələrimiz arasında həm müttəfiqlik münasibətləri, həm də müxtəlif istiqamətlərdə əməkdaşlıq xüsusi dinamika ilə inkişaf edəcək.
Sputnik
BAKI, 14 iyun — Sputnik. "Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi mühüm mesaj idi. Bu onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri özünün xüsusi xarakteri ilə seçilir". Bunu Sputnik Azərbaycan-a Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın səfərinin yekunlarını şərh edərkən millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Millət vəkili bildirib ki, məhz Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri öz inkişafının ən yüksək səviyyəsinə qalxıb:

"Azərbaycan üçün 2020-ci ilin Vətən müharibəsində Türkiyənin mənəvi, siyasi dəstəyi çox önəmli idi. Yaxşı xatırlayırıq ki, Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edərkən kənardan sərt reaksiyalar verilirdi, proseslərə müdaxilə etmək istəyənlər çox idi, Ermənistan sistemli şəkildə Azərbaycana qarşı silahlandırılırdı. Türkiyənin Azərbaycanın yanındayıq deməsi, ölkəmizə dəstəyi bu gücləri çəkindirdi. Azərbaycan torpaqları azad edildikdən sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə iki ölkə münasibətlərin bütün istiqamətlərdə dinamik inkişaf etdirilməsini, xüsusilə də müdafiə, təhlükəsizlik, xarici siyasət sahəsində məsləhətləşmələrin aparılmasını, qarşılıqlı dəstəyin göstərilməsini özündə ehtiva edir. Bu baxımdan Azərbaycana qarşı çıxmaq istəyənlər də Azərbaycan-Türkiyə birliyini unutmamalıdırlar".

Elşad Mirbəşiroğlu, arxiv şəkli
Millət vəkili hesab edir ki, Ərdoğanın yeni prezidentliyi dövründə ölkələrimiz arasında həm müttəfiqlik münasibətləri, həm də müxtəlif istiqamətlərdə əməkdaşlıq xüsusi dinamika ilə inkişaf edəcək:

"Prezidentlərin görüşündə həm beynəlxalq müstəvidə, həm də regionda cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olundu. Mətbuata verilən açıqlamalar da göstərir ki, Türkiyə-Azərbaycan əməkdaşlığı öz regional və qlobal əhəmiyyətini daha da artıracaq. Bura həm regional layihələrə münasibət, həm də beynəlxalq arenada cərəyan edən proseslərə vahid yanaşma sərgilənməsi müstəvisindən baxa bilərik".

Politoloq İlqar Vəlizadə isə bildirib ki, Ərdoğanın yeni prezidentliyi dönəmində Türkiyədə yenilənmiş siyasi kurs davam etdiriləcək:

"Bu baxımdan Türkiyə Prezidentinin yeni hökumət kabineti ilə Azərbaycana səfəri çox önəmli idi. Səfər zamanı yeni hökumət kabinetinin üzvləri azərbaycanlı tərəfdaşları ilə təkbətək görüşlər keçirdilər. Bu da yeni dövrdə münasibətlərin inkişafının davam etdiriləcəyini deməyə əsas verir. Ərdoğanın səfərinin əhəmiyyətli olması danılmazdır və biz bunun nəticələrini qarşıdakı dövrlərdə görə biləcəyik".

İlqar Vəlizadə
Politoloq Türkiyə Prezidentinin verdiyi mesajlara da toxunub və bildirib ki, Ərdoğan Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu göstərmək üçün yetərincə aydın mesajlar verdi:

"Xüsusən də Zəngəzur dəhlizi məsələsinə yanaşmada Türkiyənin tutduğu mövqe Azərbaycana tam dəstək ifadə edir. Ərdoğan bu məsələdə tutduğu mövqe ilə həm də Türkiyə daxilindəki rəqiblərinə də mesaj çatdırmış oldu. Ankarada anlayırlar ki, Zəngəzur dəhlizi regional deyil, qlobal proyektdir. Çin, İran, Azərbaycan, Türkiyə və Avropanı birləşdirəcək bu nəqliyyat dəhlizi geosiyasi önəmə malikdir. Bu baxımdan ona yanaşmada region ölkələrinin rasional yanaşma sərgiləməsi gözlənilir. Çünki bu nəqliyyat dəhlizi tək region ölkələri üçün deyil, həm də regiondankənar ölkələr üçün xüsusi önəm kəsb edir. Xüsusən də mən bir neçə gün öncə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitinin Azərbaycana səfərini xatırlatmaq istərdim. Rusiyalı nazir də həm Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, həm də Zəngəzur dəhlizi ilə bağlı Bakıda fikir mübadiləsi aparıb. Yəni, yol nəqliyyat infrastrukturu lazımi təminat alsa, bu, hər bir ölkə üçün faydalı resursa çevriləcək. Türkiyə Prezidentinin bununla bağlı açıqlaması da bu baxımdan önəmlidir".

* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.