TƏHSİL

Əhalinin əksəriyyəti dərs ilinin sentyabrın 1-də başlamasını istəyir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, Azərbaycan təhsil sistemində müzakirə edilən məsələlərdən biri də tədris ilinin başlanma tarixi ilə bağlıdır.
Sputnik
BAKI, 14 iyun — Sputnik. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsindən də aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Təhsil ümumdövlət və ümumxalq işi olduğundan burada maraqlı və iştirakçı tərəflərin rəyinin nəzərə alınması zəruridir.
Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, Azərbaycan təhsil sistemində müzakirə edilən məsələlərdən biri də tədris ilinin başlanma tarixi ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədilə Prezidentin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşib. Eyni zamanda 2004/2005-ci dərs ilindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin I-IV siniflərində beşgünlük tədris həftəsi tətbiq edilib.
AR Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən də ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatmalıdır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan, həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilib. Bununla da, dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq, orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.
Əvvəllər ölkədəki iqlim şəraitinin dərslərin sentyabrın 15-də başlamasına daha münasib olması mövqeyindən çıxış edən Təhsil Nazirliyi son vaxtlar fərqli münasibət ortaya qoyur. Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib. Həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib. Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir.
Ölkədə tədris ilinin başlanma tarixi ilə bağlı məsələ millət vəkilləri, təhsil ekspertləri tərəfindən də dəfələrlə müzakirəyə çıxarılıb. Dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə olsa da, bir çoxunda sentyabrın 1-də başlayır. Məsələn, Rusiya, Kanada, Belçika, Çexiya, Macarıstan, İsrail, Estoniya və başqa ölkələrdə dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir.
Onu da qeyd edək ki, tədris ilinin başlanma tarixinin dəyişdirilməsi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanların qrafikinin dəyişdirilməsi zərurətini də ortaya çıxarır. Bunun üçün ilk növbdədə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul vaxtı bir qədər önə çəkilməlidir. Belə ki, sentyabrın 1-də tədris ili başlayarsa, bu vaxta qədər ali və orta ixtisas təhsil müəssisələrinə birinci və ikinci qəbul prosesləri yekunlaşmalıdır. Bu proses hazırkı sistemdə də çətinlik törədir. Kurikulum sistemində qəbul imtahanlarında yeni tipli sualların yoxlanılması prosesi bəzən bir aydan uzun çəkir. Onun ardınca ixtisaslaşma prosesi başlayır.
Beləliklə, Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və bu mövzuda aparılan müzakirələri nəzərə alaraq rəy sorğusu keçirib.
Respondentlərə "Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?" sualı ünvanlanıb.
Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.
Nəticələri gender aspektindən nəzərdən keçirdikdə dərslərin sentyabrın 1-də başlamasını qadın respondentlər (74,9%) kişilərlə müqayisədə (61.3%) daha çox dəstəkləyib.
Respondentlərin yaş səviyyəsinə görə məsələyə münasibətində maraqlı tendensiya müşahidə edilib. Belə ki, yaş artıqca tədris ilinin sentyabrın 1-də başlamasını dəstəkləyənlərin sayı artıb. Yuxarı yaş qrupunu təmsil edən respondentlər (55-64 və 65+) dərslərin sentyabrın 1-də başlamasını dəstəkləyiblərsə (müvafiq olaraq 75,3% və 85,7%), aşağı yaş qrupunu (18-24) təmsil edənlər dərslərin sentyabrın 15-də başlamasını daha uyğun hesab ediblər (61.9%).
Bundan başqa, dərslərin sentyabrın 1-də başlamasını orta təhsillilərin 63,8%-i texniki və ya peşə təhsillilərin 72,6%-i, ali təhsillilərin 75% dəstəkləyib. Ailə vəziyyəti evli olanlar (69,2%), dövlət sektorunda çalışanlar (71%) və təqaüdçülər (83,3%), şəhərdə yaşayanlar (71.1%) da tədris ili üçün bu tarixi daha məqsədəuyğun hesab edib.
Dərslərin sentyabrın 15-də başlaması cavab variantını isə kənd və qəsəbə ərazi vahidlərində yaşayanların 27,3%-i, tələbələrin 37,5%-i, özəl sektorda çalışanların və fərdi əmək fəaliyyəti ilə məşğul olanların 31,4%-i və 32,1%-i seçiblər.
Qeyd edək ki, sorğular 2023-cü ilin 03-07 iyun tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib. Anonimlik tam qorunub. Sorğu prosesi 12 iqtisadi rayonu (Bakı, Abşeron-Xızı, Dağlıq-Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan) əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.