BAKI, 13 iyun — Sputnik. "Biz (Türkiyə Prezidenti ilə - red.) Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
"Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.
Türkiyə Prezidenti isə bildirib ki, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır: "Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da müharibədən sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tünellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini göstərir. 20 il əvvəl Bakını və indi də Qarabağı düşünürəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.