BAKI, 13 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi 13 iyun tarixli gündəlik hesabatında Ukrayna Silahlı Qüvvələrinin (USQ) xüsusi hərbi əməliyyat zonasının (XHƏ) dörd istiqamətində itkiləri barədə məlumat yayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Cənub-Donetsk istiqamətində Rusiya Silahlı Qüvvələri (RSQ) USQ-nin 275-ə qədər döyüşçüsünü, eləcə də düşmənin 4 tankını məhv edib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov həmçinin 15 zirehli döyüş maşınının, 8 avtomobilin və "Msta-B" haubitsasının məhv edildiyini də açıqlayıb.
Xerson istiqamətində Ukrayna qüvvələri 30-a qədər hərbçi, həmçinin "Qvozdika" özüyeriyən artilleriya qurğusunu da itirib.
Krasnolimansk istiqamətində Rusiya hərbçiləri sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 60-a qədər döyüşçüsünü, bir "Qvozdika" özüyeriyən silahını, 2 döyüş zirehli maşınını, 4 texnika və 2 D-20 və D-30 haubitsasını məhv edib.
Xarkov vilayətinin Timkovka qəsəbəsi ərazisindəki Kupyansk istiqamətində gün ərzində 35-dən çox ukraynalı hərbçi, həmçinin D-20 haubitsası məhv edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.