BAKI, 13 iyun - Sputnik. İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında deyilir.
İyunun 13-ü saat 11:10-da isə Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.
Atəş nəticəsində xəsarət alan olmayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.
Xatırladaq ki, ötən gün də ordumuzun Kəlbəcər istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulmuşdu. İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutulmuşdu.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.