HADİSƏ

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən əcnəbilər saxlanılıb

Saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib
Sputnik
BAKI, 13 iyun — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 17 kiloqram 70 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
İyunun 12-də saat 21:20-də "Horadiz" sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 5 kiloqram 370 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
İyunun 13-də saat 08:00 radələrində "Göytəpə" sərhəd dəstəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran vətəndaşı, 1991-ci il təvəllüdlü Dindar Əvəz Qədəməli tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
İyunun 12-də saat 20:32-də "Xudat" sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları - 1996-cı il təvəllüdlü Khermaza Bachir Hamza və 2002-ci il təvəllüdlü Chettouh Mohamed Abdelghani saxlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Qeyd edilən faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.