BAKI, 12 iyun — Sputnik. İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Rusiya ilə NATO arasında qarşılıqlı əlaqə mexanizmlərinin yaradılmasının təşəbbüskarı olub. Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalının efirində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.
"O, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münasibətlərin inkişafının təşəbbüskarı olub. Məhz onun iştirakı ilə və onun təşəbbüsü ilə müvafiq qarşılıqlı fəaliyyət mexanizmləri yaradılıb", - Rusiya lideri bildirib.
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni iyunun 12-də Milanda xəstəxanada 86 yaşında vəfat edib.
Qeyd edək ki, Silvio Berluskoni bu il aprel ayının əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi. O, xroniki leykozdan əziyyət çəkirdi. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya müalicə kursu keçmişdi. Daha sonra Berluskoni bir aydan çox Milanda "San Raffaele" klinikasında qalmışdı. İyunun 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.
S.Beluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. O, dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliya Nazirlər Sovetinin sədri (ölkənin Baş naziri) olub.