DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çindən ABŞ sanksiyalarına kəskin etiraz: Vaşinqtonun hüquqi əsasları yoxdur

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi 7 fiziki şəxs və 6 şirkəti, o cümlədən Çindən olan şirkətləri İrana qarşı sanksiyalar siyahısına daxil edib.
Sputnik
BAKI, 12 iyun — Sputnik. Çin hakimiyyəti ABŞ-ın İrana görə bəzi Çin şirkətləri və vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edir. Bu barədə bazar ertəsi Çin Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.
"Birləşmiş Ştatlar İranla qarşılıqlı əlaqələri bəhanə edərək, Çinin bəzi müəssisə və vətəndaşlarını xüsusi siyahıya daxil edib, onlara qarşı sanksiyalar tətbiq edib. Çin buna qəti etirazını bildirir", - deyə məlumatda vurğulanır.
Bəyanatda qeyd olunub ki, Vaşinqtonun bu məhdudiyyətlərin tətbiqi üçün hüquqi əsasları yoxdur.
"ABŞ məsuliyyətsiz təzyiqləri dayandırmalıdır. Çin lazımi tədbirləri görəcək, biz Çin müəssisələrinin və vətəndaşlarının qanuni maraqlarını qətiyyətlə qoruyacağıq", - deyə nazirliyin bəyanatında bildirilib.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi 7 fiziki şəxs və 6 şirkəti, o cümlədən Çindən olan şirkətləri İrana qarşı sanksiyalar siyahısına daxil edib. Vaşinqtonun məhdudiyyətlərinə məruz qalan şəxslərin siyahısına Çin vətəndaşları və İrana sentrifuqa və elektronika satdığı iddia edilən müəssisələr daxildir. Onlar üçün bu, ABŞ-dakı aktivlərin dondurulması və Birləşmiş Ştatların vətəndaşları və kommersiya təşkilatları ilə biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.