SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı və Tehran arasında buzlar nə vaxt əriyəcək?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, İran ilk növbədə səfirliyimizə silahlı hücumla bağlı cavab verməli və Azərbaycana qarşı ittihamlardan əl çəkməlidir.
Sputnik
BAKI, 12 iyun — Sputnik. "XİN rəhbərlərinin telefon danışığı regional əməkdaşlıq, sülh və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır". Bunu Sputnik Azərbaycan-a Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığının iki ölkə münasibətlərinə təsirlərini şərh edərkən politoloq İlyas Hüseynov deyib.
Münasibətlərin gərginləşməsinin səbəbkarı rəsmi Tehrandır
Politoloq bildirib ki, iki ölkə arasında hazırkı soyuq münasibətlər şəraitini nəzərə aldıqda bu telefon danışığı diqqətdən kənar qala bilməz. İki ölkə arasında münasibətlərin soyuqlaşmasının və gərginləşməsinin səbəbkarı rəsmi Tehrandır.
"İran ermənipərəst siyasət yürüdür. Son əldə etdiyimiz məlumatlara görə, İran hakimiyyəti Hindistan istehsalı olan hərbi texnikaların Ermənistana daşınmasına şərait yaradır. Ehtimal olunan odur ki, gələcəkdə həmin texnikaların hansısa vasitələrlə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə ötürülməsi planlaşdırılır. Ona görə də Azərbaycan diplomatiyası regional təhlükəsizliyin möhkəmləndirilməsi və sülhün qorunması baxımından hərəkətə keçir", - politoloq deyib.
Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti İranın da marağındadır
İ.Hüseynov qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti İranın da marağındadır. Artıq Rəşt-Astara dəmiryolu ilə yük daşımalarının artırılmasına dair razılıq var. İki ölkə arasında münasibətlərin normallaşdırılması regional sülhə töhfə verə bilər. Amma İran tərəfindən ölkəmizə qarşı həmlələr edilir. Azərbaycan İran tərəfindən müxtəlif təhdidlərə məruz qalır. Bu kimi gərginliklərin aradan qaldırılması üçün danışıqların davam etdirilməsi aktuallıq kəsb edir.
"Lakin tez bir zamanda Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa olunacağını düşünmürəm. Münasibətləri normal məcraya qaytarmaq üçün güclü siyasi iradə, ardıcıllıq lazımdır və münasibətlər açıq, şəffaf xarakter daşımalıdır. Təəssüflər olsun ki, biz İran tərəfindən bu cür narrativləri görmürük. Əksinə İranın Ermənistana dəstəyi ilə yanaşı, ölkəmizə qarşı təxribatlarına, ideoloji hücumlarına şahidlik edirik. Lakin diplomatiyanın əsas məqsədi danışıqlar yolu problemlərin aradan qaldırılmasıdır", - politoloq əlavə edib.
Azərbaycan İrandan cavab gözləyir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycan İrandan səfirliyimizə silahlı hücumla bağlı hələ də cavab gözləyir:
"Bu yaxınlarda İran xüsusi xidmət orqanlarına tabe olan casus şəbəkələrinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunması bir daha göstərdi ki, onlar bir neçə istiqamətdə Azərbaycana qarşı öz təxribat fəaliyyətlərini davam etdirirlər. Belə olan təqdirdə danışıqlar nəticəli olmalıdır. Azərbaycan İrandan konkret addımların atılmasını gözləyir. İranla münasibətlərimiz həm xüsusi xidmət orqanlarının fəaliyyətinə, həm də azərbaycanlı tələbəyə qarşı qondarma cinayət işinin açılmasına görə ən pis həddə çatıb. Məhz bu baş verənlərə görə, Azərbaycan öz vətəndaşlarına İrana səfər etməklə bağlı xəbərdarlıq edib. İrandakı həkimlərin də xüsusi xidmət orqanları ilə əlaqələri var. Onlar müxtəlif yollarla narkotik istifadəçilərini əməkdaşlığa cəlb ediblər. Bu baxımdan İrana müalicə olunmaq üçün getmək istəyənləri bir daha düşünməyə çağırıram", - A.Nağıyev deyib.
Millət vəkili də diplomatik təmasların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Bununla belə o qeyd edib ki, Azərbaycanın İrandan gözlədiyi konkret addımlar var:
"Bu addımlar atılmadan münasibətlərin normallaşmasını gözləmirəm. Ümumiyyətlə, İran Azərbaycana qarşı qondarma ittihamlarından əl çəkməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.