BAKI, 12 iyun - Sputnik. İyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların (Bakı-Sumqayıt-Bakı) biznes vaqonlarından ekonom vaqon kimi istifadə olunacaq.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, məqsəd ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılmasıdır. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.
İyulun 1-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) kağız biletlərin satışını dayandıracaq.
Bu barədə də ADY-dən bildirilib.
Məlumata görə, məqsəd rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır.
Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.