BAKI, 9 iyun — Sputnik. Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev deyib.
O bildirib ki, tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur: "Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir".
Şöbə müdirinin sözlərinə görə, geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan təhlükəsiz tütünçəkmə üsuludur. Qəlyan çəkdikdə insan orqanizmi xərçəng yaradan çoxsaylı maddə qəbul edir və qanda dəm qazının səviyyəsini son dərəcədə yüksəldir: "Qəlyan tüstüsündəki təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması siqaret çəkən insanlarda olduğu kimi, xəstəliklərin yaranmasına səbəb olur. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır".
Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir. Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır: "Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir".