BAKI, 9 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklif edilir.
Bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Mövcud qanunda isə deyilir ki, Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.