ELM

“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Komitə sədri bildirib ki, kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün, sahəvi münasibətləri tənzimləyən yeni qanunun hazırlanmasına zərurət yaranıb.
Sputnik
BAKI, 9 iyun - Sputnik. Milli Məclisin iclasında “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi, kosmik sahənin əsasları da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ keçən əsrin 70-ci illərində Azərbaycan Elmlər Akademiyası nəzdində Kosmik Cihazqayırma Konstruktor Bürosu yaradılıb və ölkəmizdə kosmik tədqiqatların aparılmasına başlanılıb. Komitə sədri 2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə başlanıldığını söyləyib. O, önəmli layihələrdən olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmizin azsaylı dövlətlərin təmsil olunduğu kosmik klubların üzvünə çevrildiyini bildirib. Qeyd edilib ki, 2015-ci ildən etibarən kosmosa çıxarılan “Azersky” peyki vasitəsi ilə ölkənin müdafiə və təhlükəsizliyi sahəsində davamlı işlər görülüb, vaxtilə işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılıb. 2020-ci ildə Vətən müharibəsi zamanı da Azərbaycan peykləri mühüm xidmət göstəriblər. Hal-hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir.
Tahir Mirkişili bildirib ki, ölkəmizdə kosmik fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos” tərəfindən həyata keçirilir. Kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün, sahəvi münasibətləri tənzimləyən yeni qanunun hazırlanmasına zərurət yaranıb. Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Komitə sədri nəzərə çatdırıb ki, qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir. Sənəddə kosmik fəaliyyətin kosmik fəzadan sülh naminə istifadə edilməsi, milli maraqların qorunması, kosmik resurslardan səmərəli istifadə olunması, milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi, kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması prinsipləri əsasında həyata keçirilməsi göstərilib.
Bildirilib ki, layihədə beynəlxalq əməkdaşlıq, kosmik fəaliyyətin tənzimlənməsi, kosmik fəaliyyət üçün nəzərdə tutulan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması, kosmik obyektlərin dövlət qeydiyyatı, Orbital mövqelərin əldə edilməsi və qorunması ilə bağlı müddəalar ehtiva olunur.
Əlavə edilib ki, qanun layihəsinin müvafiq maddələrində, habelə kosmik fəaliyyətin subyektləri, kosmik fəaliyyət və kosmik sənayenin iqtisadi xüsusiyyətləri, Yerüstü kosmik infrastruktur və kosmik obyektlərin təyinatı, kosmik fəaliyyət və kosmik sənayedə təhlükəsizlik məsələləri öz əksini tapıb.
Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
"Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi
Qeyd edək ki, bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.
Kosmik sənaye – peyk xidmətlərinin təşkili, təqdim edilməsi, kosmik obyektlərin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyalardan istifadə sahəsində elmi tədqiqatların aparılmasıdır.
Maddə 4. Kosmik fəaliyyətin prinsipləri
Kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
-kosmik fəzadan sülh naminə istifadə edilməsi;
-milli maraqların qorunması;
-kosmik resurslardan səmərəli istifadə olunması;
-milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
-kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Maddə 19 Kosmik obyektin istismardan çıxarılması
19.1. Kosmik fəzada olan kosmik obyekt bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və hallarda, həmçinin istismara yararlılığı başa çatdıqda, idarə edilməsi itirildikdə, təbiət hadisəsinin təsiri və ya qəzaya uğraması nəticəsində məhv olduqda istismardan çıxarılır.
19.2. Reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi Müqavilə ilə nəzərdə tutulmuş qaydada BMT-ni məlumatlandırmaq üçün kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməlidir.
Maddə 21. Məlumatların qorunması
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində dövlət sirri, kommersiya sirri və konfidensial məlumatlar qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qorunur.
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində yaranan mübahisələr kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. Bu qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.
Xatırladaq ki, mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, peyklər Azərbaycan iqtisadiyyatının inkişafına, müdafiə və milli təhlükəsizliyin artırılmasına, işğaldan azad edilmiş ərazilərin monitorinqi, bərpası və digər genişmiqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. O, “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin qəbulu ilə milli kosmik qanunvericiliyin formalaşacağını deyib.