BAKI, 9 iyun - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, layihədə ölkə Prezidenti tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində növbəti tədbirlərin hüquqi əsasları müəyyən edilir. Sənəd ədalət mühakiməsi prosesini sürətləndirmək məqsədilə dövlət tərəfindən əhalinin az təminatlı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və digər həssas təbəqələrinin məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi üçün hazırlanıb.
Layihəyə əsasən, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallardan başqa, həmçinin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunmasının hüquqi əsasları müəyyən edilir. Bu şəxslərin dairəsi layihədə müvafiq maddələrdə qeyd olunur. Eyni zamanda, bu kateqoriya şəxslər vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda da pulsuz (dövlət hesabına) hüquqi yardım almaq hüququna malik olacaqlar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, sənədə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir.
Layihəyə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.
Məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:
-orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
-insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
-valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
-ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
-müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
-maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.