PAYTAXT XƏBƏRLƏRİ

BŞİH paytaxt sakinlərinə müraciət edib

İyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb
Sputnik
BAKI, 9 iyun — Sputnik. Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb.
Bu barədə BŞİH-in sakinlərə müraciətində bildirilib.
Qeyd edilib ki, iməcilik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.
Müraciətdə vurğulanır ki, Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus obyektlərin fasad və vitrinlərində, və obyektlərin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir. Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.