PAYTAXT XƏBƏRLƏRİ

Bakıda qadının bank kartından pul oğurlanıb

Ötən gün paytaxtın Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub
Sputnik
BAKI, 9 iyun — Sputnik. Bakıda qadının bank kartından pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-də paytaxtın Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.
Anoloji hadisə iyunun 4-də də baş verib. Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri - Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.