BAKI, 9 iyun - Sputnik. Milli Məclisdə “Azərbaycan Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.
Parlamentin bugünkü iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Saziş haqqında ətraflı məlumat verib.
Müzakirələrdən sonra Saziş səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.
Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında və səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Belə ki, mallar haqqında ilkin məlumatların elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq.
Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan Saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.