BAKI, 8 iyun — Sputnik. İran, şübhəsiz ki, ABŞ-ın güc tətbiq etmək təhdidlərinə cavab olaraq çəkindirmə imkanlarını gücləndirəcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ dövlət katibi Entoni Blinkenin sözlərini şərh edərkən deyib.
"ABŞ-ın digər dövlətlərə qarşı güc tətbiq etmək hədəsi beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinin müddəalarına ziddir. İran İslam Respublikası öz çəkindiriciliyini gücləndirməkdən, hüquqlarını və təhlükəsizliyini qorumaqdan çəkinməyəcək", - XİN sözçüsü bildirib.
Kənani Blinkenin İranla bağlı "əsassız şərhlər" etdiyini vurğulayaraq bildirib ki, İran İslam Respublikası həmişə vurğulayır ki, Fələstin xalqına dəstək məzlum və azadlıq hərəkatlarına dəstək ilə uyğundur və öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi, işğalı rədd etmək və aparteidlə mübarizəyə əsaslanır.
Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin ABŞ səlahiyyətlilərinə İrana qarşı ittihamlardan çəkinməyi və İslam Respublikasına qarşı qeyri-qanuni və onsuz da uğursuz siyasət yürütməyə davam etməzdən əvvəl iki dəfə düşünməyi tövsiyə edib.
Bazar ertəsi Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC, "Aipak") iclasında çıxış edən ABŞ dövlət katibi deyib ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün variantları nəzərdən keçirəcək. Blinken İsrail üçün İran rejimindən daha ciddi təhlükə yoxdur fikrini də dilə gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.