BAKI, 8 iyun - Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin əmindir ki, Şimal-Cənub nəqliyyat dəhlizi gələcəkdə Süveyş kanalı ilə rəqabət aparacaq. Bu fikri o, Azərbaycanın baş naziri Əli Əsədovla görüşü açarkən deyib.
“Biz nəqliyyat və logistikanı birlikdə perspektivli sahələrdən biri hesab edirik. Biz Rusiyanın və Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edə, tranzit potensialımızı daha fəal inkişaf etdirə bilərik və etməliyik. Söhbət, əminəm ki, gələcəkdə Süveyş kanalına rəqib olacaq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində sərhəd keçidlərinin imkanlarının artırılmasından, dəmir yolu, avtomobil yolu, dəniz infrastrukturunun inkişaf etdirilməsindən gedir”, - deyə RF hökumət başçısı bildirib.
Mişustin bildirib ki, ekspertlərin hesablamalarına görə, bu, Baltik dənizindən Fars körfəzindəki limanlara yüklərin çatdırılma müddətini 10 günə qədər azaldacaq.
RF hökumət rəhbəri Əsədovu əmin edib ki, Rusiya Azərbaycanla dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində səmimi maraqlıdır.
O əlavə edib ki, yeni birgə layihələrə start vermək üçün ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hökumət səviyyəsində işlərin intensivləşdirilməsini vacib hesab edir.
“Bizim bir sıra maraqlı sahələr var. Bunlar enerji, sənaye, o cümlədən gəmiqayırma, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, yüksək texnologiyalar, innovasiyalar və bir çox digər sənaye sahələridir”, - deyə Mişustin bildirib.
RF hökumət rəhbəri vurğulayıb ki, çətin xarici iqtisadi vəziyyətə və Qərbin artan qeyri-qanuni sanksiyalarına baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır.
Onun sözlərinə görə, keçən il qarşılıqlı ticarətin həcmi dörddə bir artaraq rekord həddə çataraq, demək olar ki, 300 milyard rubla çatıb.
“Bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi daha 21% artaraq 98 milyard rubl və ya 2 milyard manata çatıb”, - deyə Rusiya hökumətinin başçısı bildirib.
Beynəlxalq məsələlərdən danışan Rusiyanın baş naziri vurğulayıb ki, Rusiya “Cənubi Qafqazda iqtisadi nəqliyyat əlaqələrinin blokdan çıxarılması prosesinə xüsusi önəm verir”.
“Biz ümumi regionumuzda sülh, sabitlik və firavanlıqda maraqlıyıq”, - deyə Mişustin vurğulayıb və əlavə edib ki, mayın 25-də Rusiya, Azərbaycan və Ermənistan liderləri artıq bu məsələni müzakirə ediblər.
“Biz əminik ki, yeni marşrutların yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir”, - deyə Mişustin fikrini yekunlaşdırıb.
Oqtay Əsədov öz növbəsində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bütün tədbirlərin həyata keçirilməsinə görə minnətdarlığını bildirib.
O, həmçinin Rusiya nümayəndə heyətini qarşıdan gələn Rusiya Günü münasibətilə təbrik edib.
Əsədovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyev arasında siyasi dialoq iki ölkə arasında əməkdaşlığın bütün spektri üzrə müsbət dinamikanı təmin edir.
Azərbaycanın baş naziri iyunun sonunda Moskvada keçiriləcək ikitərəfli hökumətlərarası komissiyanın 21-ci iclasını elan edib.
“Biz ümid edirik ki, onun nəticələri əsasında əməkdaşlığımızı yeni məzmunla dolduracaq yeni həllər tapacağıq. Biz qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığımızın inkişafı üçün bundan sonra da lazımi səylər göstərməyə hazırıq”, - deyə Əsədov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.