DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Minskdə "MDB üçün 100 ideya" layihəsinin sərgi-təqdimatı keçiriləcək - Lebedev

Lebedevin sözlərinə görə, "MDB üçün 100 İdeya" layihəsi gənclərin innovasiyalar sahəsində fəaliyyətinin aktivləşdirilməsinə və MDB ölkələrinin inkişafı problemlərinin həllinə cəlb edilməsinə yönəlib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Oktyabrda Minskdə "MDB üçün 100 İdeya" layihəsinin iştirakçılarının işlərinin sərgi-təqdimatı keçiriləcək. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
"Bu ilin oktyabr ayında Minskdə "MDB üçün 100 ideya" layihəsinin müəllif əsərlərinin növbəti sərgisi və təqdimatı təşkil olunacaq. Bu müsabiqənin qalibləri haqqında məlumat MDB ölkələrinin hökumətlərinə göndəriləcək, o, müvafiq məlumat bankına daxil ediləcək. Bu, gənclərin startaplarına əhəmiyyətli dəstək olacaq və gənclərin ilk xarici bizneslərinə başlamaq və Birlikdə maraqlı tərəfdaşlar tapmaq üçün müəyyən imkan olacaq", - deyə o, MDB və Avrasiya İqtisadi İttifaqının (Aİİ) II Gənclər Forumunun mərasiminin açılışında bildirib.
Lebedevin sözlərinə görə, "MDB üçün 100 İdeya" layihəsi gənclərin innovasiyalar sahəsində fəaliyyətinin aktivləşdirilməsinə və MDB ölkələrinin inkişafı problemlərinin həllinə cəlb edilməsinə yönəlib.
Birliyin baş katibi onu da bildirib ki, 2024-cü ildə MDB-nin Gənclər Paytaxtı layihəsinin icrasına başlanılacaq. "İlk belə paytaxt Daşkənd şəhəri olacaq, daha sonra estafet Azərbaycanın Qəbələ və Ermənistanın Qafan şəhərlərinə veriləcək", - o deyib.
İyunun 7-9-da Siriusda MDB və Aİİ-nin İkinci Gənclər Forumu keçirilir. Strateji sessiyalar zamanı forum iştirakçıları gənclərin sahibkarlığının inkişafı və dövlət tərəfindən dəstəklənməsi ilə bağlı təkliflərini hazırlayacaqlar. Forumda MDB ölkələrindən, həmçinin Aİİ-nin müşahidəçisi olan Kubadan 150 gənc iştirak edir. Həmin günlərdə Siriusda Avrasiya Hökumətlərarası Şurasının, MDB ölkələrinin Hökumət Başçıları Şurasının, III Avrasiya Konqresinin və "Avrasiya bizim evimizdir" beynəlxalq sərgisinin iclasları keçiriləcək.