BAKI, 8 iyun — Sputnik. "Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
"Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
Xatırladaq ki, Azərbaycanın və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib.
Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.