MƏDƏNİYYƏT

"Atabəylər: Şəmsəddin Eldəniz" serialının çəkilişləri nə vaxt başlanacaq?

"Atabəylər: Şəmsəddin Eldəniz" adlı serialında kimlərin rol alacağı hələ müəyyənləşməyib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Azərbaycanın ilk tarixi serialı "Atabəylər: Şəmsəddin Eldəniz"in yayımlanacağı tarixi tamaşaçılar səbirsizliklə gözləyirlər. Ötən ilin noyabr ayında AzTV-nin sədri Rövşən Məmmədov "Həftə" verilişində bildirmişdi ki, ekran işi bu ilin sentyabrından etibarən izləyicilərə təqdim ediləcək. Amma hələ ki, serialın çəkilişləri yubanır. Serialın ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyevin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, çəkilişlər sentyabr ayında başlayacaq: "Apreldə başlayacağı gözlənilirdi. Müəyyən problemlərə görə ləngidi. Avqustun sonu, sentyabrın əvvəli başlanılacaq. 44 günlük müharibə ilə bağlı ekran işinin də 44 seriadan ibarət olacaq".
Yazıçı bildirir ki, "Atabəylər: Şəmsəddin Eldəniz" adlı serialında kimlərin rol alacağı hələ müəyyənləşməyib. Onun sözlərinə əsasən, serialda 20 əsas obraz var: "Epizodik rollar da var. Kiçik obrazlarda kimlərin rol alacağı artıq müəyyənləşib. Əsas obrazlara isə seçim turu keçiriləcək". Varis Yolçuyev serialın çəkilişlərinin gec başlamasına əsas səbəb Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliklərin olduğunu deyib:"May ayının sonlarında çəkilişlərin başlanması ilə bağlı məlumat veriləcək. Türkiyədə "Bozdağ sinema" ilə müqaviləmiz var. Ona görə bir az ləngimələr var. Ümid edirəm ki, may ayının sonlarına kimi proses axarna düşəcək".
Bədii televiziya serialının layihə rəhbəri Sərvər Bayramov bildirib ki, sözügedən serialın yaradıcı heyətinin 80 faizi ölkəmizə, 20 faizi isə Türkiyəyə məxsusdur. S.Bayramov vurğulayır ki, tarixi serial baxımından ölkəmizdə ilk təcrübədir. Buna görə də Türkiyə ilə müştərək fəaliyyətə başlamağı daha uyğun hesab edirlər: "Son illər Türkiyədə yayımlanan serialları yəqin ki hamı izləyir. Onların tarixi janrda çəkdiyi seriallar bizim televiziyalarla yanaşı, digər xarici ölkələrdə də yayımlanır. Biz "Co-production" (şirkətlər arasında müştərək iş) düşündük. Yaradıcı heyətin 20 faizi Türkəydən, 80 faizi isə bizdən olacaq. Çünki, bizim üçün də kadrların yetişməsi önəmlidir".
Layihə rəhbərinin sözlərinə görə, tarixi serial çəkmək çox böyük məsuliyyət tələb edir. Serial orta əsrləri əhatə edir. Eldənizlər dövləti 1136-cı ildə yaranıb, 1225-ci ildə süqut edib. Həmin dövrün geyimi, məişəti, hansı silahlardan istifadə olunması tam məlum deyil. Buna görə də tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb.
Eyni zamanda, həmin dövrdə İslam dininin dominantlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multikultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir: "Yaradıcı heyətlə birlikdə muzeyləri gəzdik, həmin dövrə aid eksponadların yer aldığı məkanlara getdik. Məlum oldu ki, həmin dövrə aid fərqli mülahizələr irəli sürülür. Şəmsəddin Eldənizin portetini yaratmış rəssamların əsərlərinə baxdıq, onlar da fərqli-fərqli idi. Bu məsuliyyəti dərk edərək yeni standartın yaranacağının fərqindəyik. Bundan başqa, mərkəz yaratmışıq, orada 30-dan artıq ərəb atı yetişdirilir. Eyni zamanda, aktyorların üzərində də təlimlər olacaq. Onların at üzərində döyüş kadrlarının çəkilməsi zamanı necə rəftar edilməsini təlim zamanı öyrədəcəklər".
Bayramovun dediyinə görə, çəkilişlər Azərbaycanın qədim şəhərləri olan Təbriz, Gəncə, Şamaxı, Naxçıvanda aparılacaq. Layihə rəhbərinin sözlərinə görə, həmin pavilyonun çəkilişdən sonra muzey-park kimi qonaqların istifadəsinə verilməsi nəzər tutulur: "Bütün bu nüansları nəzərə alaraq düşündük ki, ilk 8 bölümü türkiyəli həmkarlarla birlikdə işləyək. Onların təcrübəsindən yararlanaq. Mən əminəm ki, bizim rejissorlarımız daha üstün sənət əsəri ortaya qoyacaqlar. Əsas məqsəd odur ki, Azərbaycan tarixi işıqlandırılsın. Regional kontekstdə götürsək, Mərkəzi Asiyada, Türkiyədə tarixi seriallar informasiya cəbhəsi rolunu oynayır. Hərə özünə məxsus olanı film və serial vasitəsi ilə təbliğ edir".
Qeyd edək ki, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz" adlanır. Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.