RUSİYA

ABŞ süni intellektdən hərbi sahədə istifadə normalarının hazırlanmasını təklif edib

ABŞ dövlət katibinin müavini Cenkins bildirib ki, ABŞ Rusiya Federasiyası və Çinlə birlikdə süni intellektdən istifadə üçün normalar hazırlamaq istəyir, lakin hüquqi qüvvəyə malik sənədlər yaratmağa hazır deyil.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Vaşinqton Moskva və Pekinlə birlikdə hərbi sahədə süni intellektin istifadəsi qaydalarının hazırlanmasını istisna etmir. Belə bir bəyanatla ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins çıxış edib.
"TASS" Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzində çıxışı zamanı Cenkinsin müvafiq suala cavabından belə sitat gətirib:
"Hazırkı mərhələdə bu, bütün ölkələrlə danışmaq istədiyimiz mövzudur".
Diplomat, eyni zamanda qeyd edib ki, ABŞ hazırda bir sıra yeni texnologiyalar üzrə "hüquqi qüvvəyə malik sənədlərin" yaradılmasını zəruri hesab etmir.
Bundan əvvəl hərbi ekspert Litovkin bildirmişdi ki, süni intellekt insanların birbaşa iştirakı olmadan müxtəlif növ silah sistemlərini idarə etməyə kömək edir və bu, gələcəkdə hərbi münaqişələrdə qurbanların sayını minimuma endirəcək.
Qeyd edək ki, İlon Mask Stiv Voznyak kimi tərəqqinin korifeyləri bəşəriyyəti təhdid etdiyi üçün güclü neyron şəbəkələrinə qadağa qoymağa çağırırlar. Bu barədə açıq məktub minlərlə süni intellekt mütəxəssisi tərəfindən imzalanıb.
ABŞ-da isə Hərbi Hava Qüvvələrinin sınaqları zamanı süni intellekt bir nəfəri "öldürüb". "Ağıllı" pilotsuz uçan aparat belə qərara gəlib ki, operatorun əmrləri onun əsas vəzifəsini yerinə yetirməsinə mane olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.