BAKI, 7 iyun — Sputnik. Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının trubasına daxil olub və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində rol alıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri ilə çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.
Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. "Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Tarixi keçmişimizdən bəhs edən "Dəli Kür" bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq "Axırıncı aşırım" filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib. "Fəryad"dakı Məlik Dadaşova qədər heç kəs erməniyə o cürə nifrət oyada bilmir. Hətta aktyor həyatda da bu obraza görə təqiblərə məruz qalıb. Bir məcburi köçkün onu görər-görməz üzünə möhkəm şillə vurur. Digər məcburi köçkün isə onu görən kimi haray-həşir salıb üzərinə qışqırır. Yaxınlarda olan polis işçisi də Məlik Dadaşovu tanımadığından sənədləri tələb edib. Aktyorun ömür-gün yoldaşı Dilarə xanımın xatirələrində bildirmişdi ki, "Fəryad" filmi Məlik Dadaşovun taleyində böyük rol oynadı. Həmin filmdə erməni roluna çəkilməyə razılıq vermirdi. Sonra güclə razılaşdı: "Dedim ki, roldu da, bu obrazı oynamaqla erməni olmayacaqsan ki. Rolu doğrudan da çox gözəl oynadı və tipik bir erməni obrazı yaratdı. Bir dəfə biz "Malakan" bağından keçəndə bir hərbçi yaxınlaşıb ondan sənədlərini istədi. Məlik çox təəccübləndi: "Məgər siz məni tanımırsınız?" Hərbçinin israrla: "Mənə burda dedilər ki, siz ermənisiniz" - sözləri isə onu lap heyrətləndirdi. Üzünü mənə tutaraq: "Ə, bu gicdir ki..." - dedi. Elə bu zaman kənarda dayanan bir yaşlı qadının: "Hə, özüm görmüşəm, televiziyada göstəriblər" - sözlərini eşidəndə, Məlik hərbçiyə: "Mənim sifətim sənədimdir cavabını verdi. Başımıza yığışan adamlar isə "Heç utanmırsınız, o boyda aktyoru tanımırsınız?!" - deyə hərbçiyə təpindilər. Bir də baxıb gördük ki, hərbçi səssiz-səmirsiz aradan çıxıb. Ancaq həmin əhvalat Məlikin halına o qədər də təsir etmədi: "Deyəsən, mən yaxşı oynamışam. Bir halda ki, erməni olduğuma inanıblar".
Məlik xəstə yatanda Hollivuddan bizə zəng çalmışdılar. Sən demə, ermənilər "Fəryad"ı Amerikada nümayiş etdirmiş və Məlik də obraza görə Hollivud rejissorunun diqqətini cəlb etmişdi. Onlar Məlikin bank hesabının nömrəsini öyrənib pul köçürmək istəyirdilər ki, onu Amerikaya dəvət etsinlər. Sınaq çəkilişi olmadan müqavilə bağlayıb onu filmə çəkmək istəyirdilər. Mən onlara Məlikin xəstə olduğunu söylədim. Qardaşı isə bu barədə Məlikə heç nə deməməyi məsləhət verdi.
Ermənilər həmin obraza görə Məlikə "Ermənistanın Milli Qəhrəmanı" adını vermək istəyiblər. Məlik: "Mən düşmənin verdiyi adı daşımaram" - deyə etiraz etdi.
"Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə "Ölülər" pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.
Görkəmli aktyor 1996-cı il dekabrın 2-də 72 yaşında dünyasını dəyişsə də Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.