TƏHSİL

Elm və Təhsil Nazirliyinin təzə ideyası - Yeni fənni kim tədris edəcək?

Nazirlik açıqlamasında bildirib ki, "Təbiət" fənninin məzmununa "Fizika", "Kimya" və "Biologiya" fənləri üzrə ilkin biliklər daxil edilib.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Növbəti tədris ilində 6-cı siniflərdə "Fizika" və "Biologiya" fənləri çıxardılacaq. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev orta məktəblərdə fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələrin başlanıldığını bildirib. Şöbə müdiri deyib ki, növbəti tədris ilində 6-cı siniflərdə "Təbiət" fənni tədris ediləcək. Bununla da 6-cı siniflərdə "Biologiya" və "Fizika" fənn olaraq tədrisdən çıxardılacaq.
Fizika və biologiya müəllimlərinin dərs saatı azalacaq?
Bu dəyişiklik birmənalı qarşılanmayıb. Sosial platformada müəllimlər bu dəyişikliyə etiraz edirlər. Bunun fizika və biologiya müəllimlərinin dərs saatlarının azalması ilə nəticələnəcəyini söyləyirlər. Fəxri Hacıyev adlı biologiya müəllimi deyir ki, əgər "Təbiət" fənninin tədrisi biologiya müəllimlərinə verilərsə, 6-cı sinifdə fizika dərsini tədris edən müəllimlərin dərs saatı əlindən alınmış olacaq. Bu isə müəllimlər arasında narazılıq yaradacaq.
F. Hacıyev bildirir ki, ixtisas müəllimlərinin dərsini kəsib yeni bir fənn yaradırlar, bu fənnin isə ixtisas müəllimi yoxdur.
Bəzi müəllimlər isə bildirir ki, bu dəyişiklik müəllimlərin yenidən əlavə ödənişli kurslara cəlb olunması lə nəticələnəcək.
"Fizika" və "Biologiya" fənlərinin Təbiət fənni ilə əvəzlənməsinin hansı zərurətdən yarandığı, bu fənni hansı ixtisas müəlliminin keçəcəyi suallar yaradıb.
Yeni fənni kim tədirs edəcək?
Sputnik Azərbaycan-ın bununla bağlı Elm və Təhsil Nazirliyinə ünvanlandığı sorğuya cavabda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilmiş, ümumi orta təhsil səviyyəsindən "Həyat bilgisi" fənni çıxarılaraq "Təbiət" fənni əlavə edilib.
"2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində "Təbiət" fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə "Təbiət" fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. "Təbiət" fənninin məzmununa "Fizika", "Kimya" və "Biologiya" fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq "Fizika", "Kimya" və "Biologiya" fənlərinə keçid xarakteri daşıyır. V-VI siniflərdə "Təbiət" fənni tədris edilmiş şagirdlər IX və XI siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırlacaqdır" deyə sorğuya cavabda bildirilir.
Amma bu fənni hansı ixtisas müəlliminin keçəcəyi barədə sualımız cavabsız qalıb.
Təbiət fənni hansı müəllimin ixtisasına uyğundur?
İxtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil müəssisələrinin aşağı siniflərində "Təbiət" fənnini fizika müəllimləri tədris edir.
Onun sözlərinə görə, "Təbiətşünaslıq" fənninin "Biologiya" fənni ilə sıx əlaqəsi yoxdur: "Orta məktəblərdə əsasən "Təbiət" fənnini fizika fənn müəllimləri tədris edir. Çox güman ki, 6-cı siniflərdə də belə olacaq. Amma mənim fikrimcə, "Təbiət" fənnini coğrafiya müəllimləri keçərsə daha yaxşı olar".
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta ümumtəhsil müəssisələrində tədris olunan fənlərin bir çoxu akademik bilikləri özündə əks etdirir. Hər bir fənnin insanın həyat və fəaliyyətinə təsiri var. Onun sözlərinə görə, "Fizika", "Coğrafiya", "Biologiya" fənləri dünyada ayrı-ayrılıqda bir fənn kimi tədris olunur.
K. Əsədov bildirib ki, kimya müəlliminə bir neçə aylıq kurs keçib onları "Təbiət" fənninin tədirisinə cəlb etmək düzgün deyil.
"Bu keyfiyyətli təhsil ola bilməz. Hər bir fənn müəlliminin öz ixtisası var", - deyə ekspert bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinə əsasən, fənlərin sayını azaltdıq. Belə ki, "İnsan və cəmiyyət", "Azərbaycan Respublikasının Konstitusiyası", "İqtisadiyyatın əsasları" "Ailə həyatının etika və psixologiyası" kimi dərs vəsaitləri dövriyyədən çıxarıldı, "Təbiətşünaslıq" "Həyat bilgisi"nə, "Rəsmxət" və "Əmək hazırlığı" "Texnologiya"ya, "Astronomiya" "Fizika"ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirilmişdi.