AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın ştatdankənar konsulu haqqında Əsasnaməyə dəyişiklik edilib

Əsasnaməyə görə, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu istər Azərbaycan Respublikasının vətəndaşı və ya istərsə də xarici dövlətin vətəndaşı ola bilər.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnaməyə dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, karantin və başqa yoluxucu, xüsusilə tropik, QİÇS və bəzi digər yoluxucu xəstəliklərin əvvəllər bu xəstəliklərdən azad olan ərazilərdə meydana çıxdığı zaman Azərbaycanın ştatdankənar (fəxri) konsulu xəstəliyin yayıldığı rayonu, yoluxma hallarının sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, Azərbaycanın qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Xarici İşlər Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə dərhal bu barədə məlumat verəcək.
Bundan başqa, kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ziyanvericilər meydana çıxdığı zaman, habelə mal-qara və quşların kütləvi xəstələndikləri hallarda, yaxud insan və heyvanlar üçün ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda, Azərbaycanın ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, və ya bilavasitə Xarici İşlər Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə dərhal bu barədə məlumat verəcək.
Xatırladaq ki, Əsasnaməyə görə, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu istər Azərbaycan Respublikasının vətəndaşı və ya istərsə də xarici dövlətin vətəndaşı ola bilər.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə müəyyən ictimai vəzifə tutan, lazımi şəxsi keyfiyyətlərə malik olan və ona həvalə olunmuş konsulluq funksiyalarını lazımınca yerinə yetirə bilən şəxs təyin olunur.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının dövlət qulluğunda deyildir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq dairəsində Azərbaycan Respublikasının, onun hüquqi şəxslərinin və vətəndaşlarının hüquq və mənafelərini müdafiə edir.