BAKI, 7 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində "İcazə" blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, "AYNA" informasiya sisteminin komponentlərindən olan "İcazə" blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən "İcazə" blankları, sifariş olunan "İcazə" blankları, həmçinin onların istifadəsi haqqında məlumatların müvafiq informasiya ehtiyatında toplanmasını təmin edir.
Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.
Elektron xidmətdən müvafiq portala daxil olaraq yararlanmaq mümkündür. Sistem vasitəsilə daşıyıcılar gücləndirilmiş elektron imza ilə özlərinin elektron kabinetlərində nəqliyyat vasitələrinə və icazələrə dair məlumatları görə və sistem üzərindən sifarişlərini edə bilərlər.
Daşıyıcıların xidmətdən rahat istifadə edə bilmələri üçün AYNA tərəfindən təlimat videosu hazırlanıb və istifadə qaydaları haqqında təlim keçirilib.
Elektron xidmət avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi"nin elektron xidmətlər portalı
Agentliyin fəaliyyət istiqamətlərinə müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflərin verilməsi və bu siyasətin həyata keçirilməsi, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl olunmasına nəzarət, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili və dövlət sifarişinin formalaşdırılması, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi və bu sahədə nəzarətin həyata keçirməsi, rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunması aiddir.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətin əlaqələndirməsi, fərqlənmə nişanlarının tətbiqi ilə əlaqədar normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, icazə blanklarının mübadiləsi və uçotu, xarici ölkələrin birdəfəlik "İcazə" blanklarının operatorlar arasında bölgüsü Agentliyin vəzifələri və hüquqlarına daxildir.