BAKI, 6 iyun — Sputnik. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər xüsusilə Arazdeyen-Culfa-Mehri-Horadiz marşrutu ilə dəmir yolu əlaqəsinin təşkili və bərpası məsələlərini müzakirə ediblər.
Mqer Qriqoryan və Toivo Klaar delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı məsələləri də nəzərdən keçiriblər.
Görüşdə Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin iştirak edib.
Xatırladaq ki, ötən həftə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Moskvada görüşərək Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.
Overçuk mətbuata açıqlamasında konstruktiv görüş keçirdiklərini bildirib.
O, toplantıda nəqliyyat əlaqələrinin açılmasında əhəmiyyətli irəliləyiş əldə edildiyini ifadə edib.
Overçuk deyib: "Xüsusilə Arazdeyen (Yerasx) üzərində Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin yenidən qurulması və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi razılıq əldə edildi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.