BAKI, 6 iyun - Sputnik. Milli Məclisin iclasında "Azərbaycanın 2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, "Büdcə sistemi haqqında" qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib.
Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər nələrdir?
2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı"nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft-qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd olunub.
Büdcədə neftin qiyməti qaldırılır
Komitə sədri bildirib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür.
Maliyyə naziri büdcə ilə bağlı ətraflı məlumat verib
Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O, bildirib ki, Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və orta müddətli makro-iqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə vəsait tələb olunur
Bildirilib ki, sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə 1 milyard 105 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaranıb.
Bildirilib ki, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının əməkdaşlarının təminat və kompensasiyaları ilə bağlı yeni qaydaların qüvvəyə minməsi və bəzi xarici ölkələrdə səfirliklərin və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması, BMT-nin iqlim dəyişməsi üzrə konsepsiyasına uyğun olaraq ölkənin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər vəzifələrin icrası 795,9 milyon manat həcmində əlavə maliyyə təminatının yaradılmasını zəruri edir.
Büdcənin gəlir və xərcləri artırılır
Maliyyə naziri qeyd edib ki, yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq.
Gəlirlərin 52,5 faizi neft sektorunun payına düşür
Nəzərə çatdırılıb ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin 14932,0 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5728,0 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 11737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801,0 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.
Cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində vəsait yönəldiləcək
Bildirilib ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi və ya 22039,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi və ya 13347,0 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi və ya 1182,5 milyon manat vəsait yönəldiləcək.
Dövlət büdcəsinin kəsiri artırılır
Qeyd olunub ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
İcmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır
Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. Qeyd olunub ki, icmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.
Qeyd edək ki, bütovlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
-Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2260,0 milyon manat. Artımdan sonra bu xərc 5260,0 milyon manat məbləğində olacaq;
-Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3070,0 milyon manat təşkil edəcək.
-Digər zəruri xərclər 973,4 milyon manat.
"Azərbaycanın 2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik bu gün Milli Məclisdə I oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.