BAKI, 6 iyun - Sputnik. Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılır.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat ayrılması nəzərdə tutulur.
Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək.
Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon 500 min manat, xərclərinin 36 milyard 568 milyon 800 min manat məbləğində təsdiq edilməsi təklif edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.