CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda skuterlər üçün yol zolağı salınsın - Deputat

Milli Məclis deputatının sözlərinə görə, skuter sürənlər yolda piyada və avtomobillərə dəyir ki, bu da ciddi narazılığa səbəb olur.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda skuterlər üçün yol zolağının salınması təklif olunur.
Bu təkliflə Milli Məclisin deputatı Emin Hacıyev parlamentin iyunun 6-da keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, skuter sürənlər yolda piyada və avtomobillərə dəyir ki, bu da ciddi narazılığa səbəb olur:
"Bu sahədə vəziyyəti nizama salmaq və təhlükəsizliyi təmin etmək üçün müvafiq infrastruktur yaradılmalıdır. Artıq skuterlər və velosipedlər üçün xüsusi yol zolağının ayrılması zərurətə çevrilib. Bu da sağlam həyat şəraitinə gətirib çıxara və tıxacların azalmasına səbəb ola bilər".
Bulvarda skuterlərin istifadəsinə qadağa qoyulub
Xatırladaq ki, iyunun 2-də Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə dünəndən qadağa qoyulub: "Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil".
Skuterlər oxşar xüsusiyyətlərinə görə mopedlərə bərabər tutulur
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 1-ci maddəsinin 26-cı bəndinin tələbinə əsasən skuterlər oxşar xüsusiyyətlərinə görə mopedlərə bərabər tutulur. Onların hərəkətinə dair tələblər həmin qanunun 46-cı maddəsində təsbit olunub: "Yəni skuter idarə edən şəxslər də, skuteri idarə edərkən, mopedlərdə olduğu kimi, yolun sağ zolağı ilə, piyadalara, digər hərəkət iştirakçılarına mane olmadan öz marşrutları üzrə hərəkət edə bilərlər.
Skuterlərin idarə edilməsi ilə bağlı ciddi problemlərdən biri odur ki, onu sürənlər başlarına dəbilqə geyinmirlər. Bundan əlavə, skuterlər yeni nəqliyyat vasitəsi olduğu üçün onu idarəedənlərin də peşəkarlığı aşağıdır. Yolda hərəkət edərkən piyada və avtomobillərə dəyirlər. Başlarında dəbilqə olmadığından travma alırlar. Biz həmin şəxslərə izah edirik ki, qanunda skuterlər mopedlərə bərabər hüquqlar verir. Skuteri əyləncə məqsədilə idarə edənlər bilməlidir ki, təhlükəsizlik əsas şərtdir".
A.Əsgərli həmçinin bildirib ki, skuter idarə edərkən dəbilqə taxmamağa görə cərimənin məbləği 40 manatdır. Həmsöhbətimizin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində skuter idarə edərkən qaydaların pozulmasına görə, 20-100 manat arası cərimə nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.