CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nə üçün rus dilli işçilərə üstünlük verilir?

Azərbaycaanda şirkətlər xarici tərəfdaşları ilə ünsiyyəti daha da yaxşılaşdırmaq üçün rus dili biliyi olanlara üstünlük verirlər.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda işə düzəlmək üçün əsas tələblərdən biri də məhz rus dili biliyinin olmasıdır. İş elanları saytlarına baxdıqda demək olar ki, elanların təxminən 90 faizində rus dilini bilən kadrlara daha çox üstünlük verildiyini görə bilərik.
Azərbaycanda iş sektorunda rus dili biliyinin olmasını vacib edən amil hansıdır?
Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi, rəhbəri Şahin Sərdarlı Sputnik Azərbaycan-a açıqlamasında bu səbəblərdən danışıb. Ekspert bildirib ki, hazırda əksər vakansiyalarda rus dili biliyinin olması vacib nüans kimi qeyd olunur:

"Lakin reallığa baxdıqda yüz şirkətdən təxminən 30-40-da bu tələbin olduğunu görə bilərik. Sırf bu tələbi qoyan şirkətləri araşdırsaq, görərik ki, onların 50 faizi rus dilindən istifadə etmir. Sadəcə olaraq bunu tələb kimi irəli sürürlər. Bunun da səbəbini şirkətlər belə izah edir ki, gələcəkdə hansısa xarici şirkətlə müqaviləyə imza atarlarsa, bu zaman rus dilli işçinin olması onlar üçün bir üstünlük olacaq".

"Biz təcrübəçilərimizin əksəriyyətini də məhz rus dili tələbi olan işlərə yönləndirmişik. Lakin dil kriteriyasına cavab verən gənclər bu işdə bir müddət işləsə də, sonradan oradan ayrılıblar. Onların bu iş yerlərindən çıxmalarının əsas səbəbi odur ki, rus dili ilə bağlı tələb olsa da, iş prosesi rus dilində aparılmır. Bu mənzərə yerli və ölkədə fəaliyyət göstərən Türkiyə şirkətlərində mövcuddur. Bir çox şirkətlər rus dilli şirkətlərlə işləyir deyə, rus dilini bilən işçilərə ehtiyacları olur. Lakin etiraf edək ki, istər təhsil, istərsə də digər sahələrdə rus dilli kadrlar olduqca azdır", - deyə o əlvə edib.
Ş.Sərdarlı onu da qeyd edib ki, əmək bazaında rus dilini bilənlər demək olar ki, işsiz qalmırlar:

"Bu şəxslərə tələb çoxdur, əmək haqqı da normaldır. Xarici dil bilikləri üstün olan kadrların əmək haqları ilə bağlı gözləntiləri də yüksəkdir. Lakin təəssüflər olsun ki, bu gün onlarla şirkət bizə rus dilli kadrlar üçün müraciət etsə də, bizim üçün onları tapmaq çox çətindir", - deyə o əlavə edib.

Şirkətlər nə deyir?
Hazırda qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən "Azərsun" holdinqdə çalışmaq üçün yalnız müəyyən hallarda belə bir tələb qoyula bilər. Şirkətin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hazırda holdinq 40 ölkəyə məhsul ixracını həyata keçirir, bundan başqa bir neçə ölkədə nümayəndəlikləri var:
"Kadrların işə götürülməsi zamanı ilk olaraq Azərbaycan dilinə üstünlük verilir. Bundan sonra isə ingilis və rus dili biliynə görə bərabər şəkildə tələb qoyulur. Xüsusi olaraq qeyd edək ki, dil biliyi tələbi sırf idxal-ixrac əməliyyatları zamanı vacibdir. Yəni bu tələbin olub-olmaması mütəxəssisin hansı sahəyə müraciət etməsindən asılıdır. Məsələn, bu gün holdinqdə müəyyən sahələr var ki, orada hansısa xarici dil tələbi yoxdur. İstehsalatda işləyən müətxəssisin dil biliyinin olması əhəmiyyət daşımır".

"Bir sözlə, şirkətin xarici əlaqələrdə işinin daha rahatlıqla icra olunması üçün dil biliyi önəmlidir", - deyə bildirilib.

"Bridge group of Companies"in icraçı direktoru Fərid İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istənilən xarici dili bilmək əməkdaş üçün üstünlük sayılır:
"Lakin sırf dil biliyinin olub-olmaması əmək haqqına təsir etmir".
"Millenium" Turizm Şirkətinin rəhbəri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beynəlxalq müstəvidə çalışan hər bir şirkət işçiləri üçün nəinki rus dilini, ümumiyyətlə bir xarici dili bilmək çox mühüm amildir:

"Sovet dövründə müxtəlif ədəbiyyatlar alman, ingilis dilindən rus dilinə, daha sonra isə bizim dilə tərcümə olunurdu. Son 20 il ərzində müxtəlif turizm şirkətlərinin Moskvada nümayəndəliklərinin yaranması da turizm üzrə əmək bazarında bu dilin vacibliyini önə çəkdi. Çoxları "rus dili bizə lazım deyil" desə də, təkcə turizm baxımından qeyd edim ki, ən böyük bazarlar məhz rus dilli ölkələrdir".

Sənədlər
İnsan Resursları üzrə mütəxəssis Saleh Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xarici dil biliyi bir çox ədəbiyyatlara çıxışı təmin edir, məlumatların sürətlə öyrənilməsini təmin edir:

"Lakin şirkət xarici ölkələr, Rusiya ilə işləmirsə, bu zaman rus dili biliyinin olması tələbi yersizdir. Bir çox şirkət rəhbərləri var ki, özü rus dillidir və sovet dövründə təhsil alıb, bu səbəbdən də işçilərə belə bir tələb qoyur", - deyə o əlavə edib.

Mütəxəssis qeyd edir ki, Azərbaycanda yeni nəslin rus dili bilik səviyyəsi aşağı düşüb:
"Bazarda rus dilli kadrların sayı azalsa da, tələb olduğu kimi qaldığı üçün bəzi yerlərdə bu dili bilənlərə müəyyən imtiyazlar da olur".
Karyera planlaşdırması üzrə ekspert Orxan Mahmudov Azərbaycanda əmək bazarında rus dilinə marağın olmasının əsas səbəblərini belə izah edir:

"Burada ən birinci səbəbə regionla bağlıdır. Rusiya regionda hegemondur. Digər məsələ isə bizim uzun illər SSRİ-nin tərkibində olmağımızla bağlıdır".

Bəzi iş elanlarına nəzər yetirək:
Əmək bazarında əməyin demək olar ki hər bir sahəsi üzrə rus dilli işçilərə böyük tələb var. Bura qrafik dizayner, mühasib, hüquqşünas, satıcı, kassir və s. əlavə etmək olar. Rus dili biliyi olanlar üçün maaşlar 800-900 manatdan 3 min 500 manatadəkdir.
Bir sözlə, ölkənin əmək bazarında rus dili biliyi ilə bağlı tələblərin olması işlə bağlı spesifik bacarılqarı olan və Rusiyadan bura axın edən azərbaycanlılar, yaxud da elə ruslar üçün işə düzəlməni asanlaşdırır.
Qeyd edək ki, Azərbaycanda rus dili 150 mindən çox insanın, əsasən etnik rusların, ukraynalıların, yəhudilərin və digər azlıqların istifadə etdiyi dilidir. Azərbaycanlıların 38%-i ikinci dil kimi rus dilində sərbəst danışır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələrin 7,1 faizi Rusiya sahibkarları tərəfindən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.