İQTİSADİYYAT

Azad edilmiş ərazilərdə sahibkarlara maliyyə yardımı ödəniləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Sputnik
BAKI, 6 iyun — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə bu qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etməlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
Maliyyə yardımı riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində ödənilir.
Maliyyə yardımının ödənilməsi üçün sahibkar hər ay bitdikdən sonra növbəti ayın 5-dək müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə təqdim edir.
Dövlət Vergi Xidməti təqdim edilmiş sənədlərdə və məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıq müəyyən etdikdə, həmin çatışmazlıq qeyd edilməklə, onun 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün sahibkarlara məlumatların təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində elektron qaydada bildiriş göndərir. Çatışmazlıq 5 (beş) iş günündən gec olmayaraq bu aradan qaldırılmadıqda, Dövlət Vergi Xidməti tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal sahibkarın yenidən müraciət etməsinə mane olmur.
Məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda, maliyyə yardımının verilməsindən imtina edilir və bu barədə Dövlət Vergi Xidməti tərəfindən əsaslandırılmış qərar qəbul olunmaqla, 3 (üç) iş günü müddətində elektron qaydada sahibkara göndərilir. Bu qərar sahibkarın yenidən müraciət etməsinə mane olmur.
Sahibkar tərəfindən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə, həmin müraciətlər məlumatların təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alınır. Dövlət Vergi Xidməti təqdim olunmuş məlumatlar əsasında müraciətlərə hər ay bitdikdən sonra növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir.
Kommunal xidmətlər göstərən dövlət müəssisələri ‒ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respub- likasının Dövlət Neft Şirkəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edirlər.
Maliyyə yardımının ödənilməsi üçün müraciət edən sahibkarlara maliyyə yardımı aşağıdakı qaydada ödənilir:
- Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı bu Qaydaya uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir.
Bu Qaydaya uyğun olaraq maliyyə yardımı almış sahibkarların uçotu İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasının müəyyən edilməsi məqsədilə hazırlanıb. ərara əsasən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Qərarın qəbul ilə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün əlverişli şərait yaradılacaq, həmin ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsinə təkan veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.