RUSİYA

Ulyanovsk yaxınlığında altı nəfər alkoqoldan zəhərlənərək dünyasını dəyişib

Zərərçəkənlər spirtli içkilərdən, o cümlədən Samara vilayətinin istehsalı olan alma sidrindən zəhərləniblər.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində üç gün ərzində 6 nəfər həlak olub, daha 6 nəfər tərkibində alkoqol faizi az olan çəllək içkilərindən zəhərlənərək reanimasiyaya düşüb.
Bunu Dimitrovqrad şəhərinin rəhbəri Andrey Bolşakov öz "Telegram" kanalında yazıb.

"Dimitrovqrad şəhərində aşkar edilmiş alkoqol faizi az olan çəllək içkilərindən zəhərlənmə halları ilə bağlı Fövqəladə Hallar Komissiyasının iclası keçirilib. Dəqiqləşdirilmiş məlumata görə, iyunun 3-dən iyunun 5-dək xəstəxanalara 12 şəhər sakini müraciət edib. Bu vaxta qədər altı ölüm hadisəsi qeydə alınıb. Daha altı nəfər isə reanimasiyadadır, onlara bütün lazımi köməklik göstərilir. Məhsullar pərakəndə satış məntəqələrindən çıxarılır", - deyə Bolşakov qeyd edib.

O qeyd edib ki, aidiyyəti qurumlar bölgənin Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə vəfat edənlərin ailələrinə fərdi qaydada dəstək göstərəcəklər.
Şəhər rəhbərliyinin "VKontakte" sosial şəbəkəsinin səhifəsindəki məlumata görə, iyunun 3-dən iyunun 5-dək zərərçəkənlər zəhərlənmə əlamətləri ilə Rusiyanın Federal Tibbi və Bioloji Agentliyinin 172 saylı Klinik Xəstəxanasına tibbi yardım üçün müraciət ediblər.

"Onların hamısı spirtli içkilər, o cümlədən Samara vilayətinin istehsalı olan alma sidri içiblər. İçkilər müxtəlif satış məntəqələrindən alınıb. Həkimlər zərərçəkənlərə lazımi köməklik göstərirlər, lakin təəssüf ki, hər kəsi xilas etmək mümkün deyil. İndiyədək altı ölüm faktı qeydə alınıb - beş nəfər xəstəxanada, bir nəfər isə evdə dünyasını dəyişib. Əgər siz sidr içmisinizsə, lakin hələ də zəhərlənmə əlamətlərini hiss etməmisinizsə, müayinə üçün həkimlərə müraciət edin. Məlumdur ki, bəzi zərərçəkənlərdə zəhərlənmə əlamətləri dərhal deyil, yalnız bir gündən sonra müşahidə olunur", - məlumatda qeyd edilib.

İstintaq nəticəsində məlum olub ki, iyunun 3-4-ü tarixlərində Dimitrovqradın bir neçə sakini naməlum maddədən zəhərlənmə diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib, onlardan 6-sı dünyasını dəyişib. Müstəntiqlər əvvəlcədən müəyyən ediblər ki, zərərçəkənlər Samara vilayətinin Krasnoqlinski rayonundan olan bir sahibkardan məhsulların tədarük edildiyi "Pivə ərazisi" adlanan mağazalarında aldıqları sidri içiblər. Keyfiyyətsiz xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.
Son məlumata görə, Dimitrovqrad şəhərində müstəntiqlər zəhərlənmə halına görə fərdi sahibkarı saxlayıblar.
"Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə istintaq orqanları tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümündə şübhəli bilinən Samara vilayətindən olan fərdi sahibkar saxlanılıb", - deyə məlumatda bildirilir.
O da bildirilir ki, hazırda müstəntiqlər hadisənin başvermə hallarını müəyyənləşdirirlər, həmçinin məhkəmə-tibbi ekspertizaları da təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.