BAKI, 5 iyun — Sputnik. Səudiyyə Ərəbistanının neft hasilatını könüllü şəkildə azaldacağını açıqlamasından sonra qiymətlər bahalaşıb. Səudiyyə Ərəbistanı "OPEC plus" toplantısında neft hasilatını iyul ayında könüllü şəkildə gündəlik 1 milyon barel azaldacağını açıqlayıb. Bu addım Səudiyyə Ərəbistanın bazarı sabitləşdirmək üçün öz bazar payından daha çox güzəştə getməsinə səbəb olub.
Bu açıqlamadan sonra "Brent" markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 77,04 dollar olub. "Light" markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 72,69 dollar təşkil edib.
Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman həftə sonu keçirilən gərgin "OPEC plus" toplantısından sonra bazarı sabitləşdirmək üçün əlindən gələni edəcəyini söyləyib. Digər ölkələr 2024-cü ilin sonuna qədər hazırkı ixtisarlarını davam etdirmək ilə bağlı öhdəlik götürüblər.
Azərbaycan "OPEC plus"un qərarını dəstəkləyib
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi" ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı "OPEC plus" üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyən edilib.
"OPEC plus"un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.
"OPEC plus"un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") qiyməti 1,51 dollar artaraq 78,14 dollar olub.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Onu da əlavə edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.