Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Mirzoyan Azərbaycanla Ermənistan arasındakı anklavlardan danışdı

Delimitasiya məsələsinə toxunan Mirzoyan qeyd edib ki, onun fikrincə, əsas bu və ya digər tərəf üçün faydalı olan xəritələr və sənədlər deyil, hüquqi baxımdan ən toxunulmaz olanlar olmalıdır.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Anklavların hüquqi aspektləri hələ də öyrənilməlidir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Siyasi nöqteyi-nəzərdən biz bilirik ki, Ermənistan ərazisində sovet dövründə belə anklavlar olub, lakin mən hesab edirəm ki, bu, delimitasiya komissiyasının məşğul olmalı olduğu məsələdir və orada müxtəlif həll yolları müzakirə edilməlidir", - deyə Mirzoyan bildirib.

O əlavə edib ki, Ermənistan tərəfinin elan etdiyi Azərbaycanın ərazi bütövlüyünün 86,6 kvadrat kilometri bu anklavları əhatə edir, lakin öyrənilməli olan məsələlər var.
Delimitasiya məsələsinə toxunan Mirzoyan qeyd edib ki, onun fikrincə, əsas bu və ya digər tərəf üçün faydalı olan xəritələr və sənədlər deyil, hüquqi baxımdan ən toxunulmaz olanlar olmalıdır.
Qeyd edək ki, bundan əvvəl bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Bakı ilə İrəvan arasında konkret xəritə əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı heç bir razılaşmanın olmadığını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.